3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşdən sonra birgə mətbuat konfransı baş tutub. 

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Bakıda keçirilən üçtərəfli görüşdən sonra birgə mətbuat konfransı baş tutub.



TİA.AZ xəbər verir ki, mətbuat konfransı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışı ilə başlayıb.

“Azərbaycan, Türkmənistan və Türkiyə olduqca böyük layihələrə start vermək üzrədir. Biz həm siyasi, həm iqtisadi mövzuları müzakirə etdik. Türkiyə, Türkmənistan və Azərbaycan arasında olan yol xəritələrini müzakirə etdik. Qərara gəldik ki, növbəti görüşə Türkmənistan ev sahibliyi etsin”, – nazir bildirib.

Məmmədyarov görüş zamanı Cənub Qaz Dəhlizi və digər enerji sahələri haqda ətraflı müzakirələr aparıldığını bildirib: “Bolqarıstanın qaz bazarına öz qazımızı ixrac edəcəyik. Bu layihəyə Türkmənistan da maraq göstərir.

Nəqliyyatla bağlı daha çox irəliləyiş var. Bakı-Tiflis-Qars dəmiryol xətti bu il öz işinə start verəcək. Biz inanırıq ki, Orta Asiya və Çindən bu yolla Avropa bazarına məhsul çıxara biləcəyik”.
 

Azərbaycan XİN başçısı müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi haqda Türkiyə və Türkmənistan nazirlərini məlumatlandırdığını, həmçinin Bakı bəyannaməsinin qəbul edildiyini və imzaladığını bildirib.

Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin ilin iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin o zamankı dövlət başçısı Abdulla Gül və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

2015-ci il yanvarın 29-da Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

2015-ci il avqustun 28-də Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 2015-ci il oktyabrın 9-da Azərbaycan, Türkiyə və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.