Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir. Qanunsuz respublika 32 il əvvəl sentyabr ayında elan olunmuşdu. Yenə bir sentyabr ayında ömrünü tamamladı. Ermənilər ötən müddətdə həm bizi, həm də özlərini böyük bəlalara düçar etdilər. İndi papaqlarını qarşılarına qoyub, “biz nə etdik və bundan sonra nə etməliyik” deyə soyuq başla öz mühakimələrini aparmalıdırlar. Bu balaca regionda qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər.
Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, bunan sonra Qafqazın 3 ölkəsi “Qafqaz Evi” yaratmalıdır:
“Azərbaycan mütəfəkkirlərinin hələ Avropada inteqrativ proseslərin başlamadığı, əksinə, qitənin 1-ci dünya müharibəsindən 2-ciyə doğru addımladığı bir dövrdə irəli sürdükləri dahiyanə “Qafqaz Evi” ideyası bölgədə azərbaycanlılar, gürcülər və ermənilərin sülh və əməkdaşlıq şəraitində yaşamının təməlini təşkil edə bilər. Bu ideyanı 3+3 formatı ilə əlaqələndirənlərə inanmayın, onunla heç bir əlaqəsi yoxdur.
Bölgədə düşmənçiliklər bitməli, inkişaf mərhələsinə qədəm qoyulmalıdır. Üç xalq olaraq Qafqaz Evi çərçivəsində bir əməkdaşlıq nümunəsi ortaya qoya bilsək, gələcəkdə bərabər Avropa Birliyinə də qəbul olunmağımız fantastik ehtimal kimi görünmür”.