Dəyanət Rzayevin ən son görüşdüyü şəxs – yaxın dostu Zülfiyyə Bayramova danışır
Dəyanət Rzayevin ən son görüşdüyü şəxs – yaxın dostu Zülfiyyə Bayramova danışır
Dünən gecə intihar etmiş psixoloq Dəyanət Rzayevin yaxınları onun ölümündən öncə belə bir istəkdə olması barədə eyham vurduğunu deyirlər. Bunu psixoloqun yaxın dostu, telejurnalist Zülfiyyə Bayramova musavat.com-a açıqlamasında bildirdi.
Müsahibimizin sözlərinə görə, hadisədən 3 gün əvvəl D.Rzayev ona zəng edib və israrla görüşmək istədiyini deyib: “Bir xeyli söhbət etdi. Zarafatlaşdıq, danışdıq. Orda mənə zarafatyana dedi ki, elə ölmək istəyirəm. Onun qədər ağıllı ola bilmədim. Sözünü qəribçiliyə saldım. Zarafatla dedim ki, “nə ölmək-ölmək salmısan, kvartalın axırıdır”. O məqamda gerçək fikrini tutsaydım, bəlkə də hər şey başqa cür olardı. Onun əynində qırmızı, mənim əynimdə sarı gödəkçə vardı. Hətta zarafatlaşdıq ki, dəli qırmızı sevər, gic sarı.. Əhvalı çox yaxşı görünürdü”.
Müsahibimiz xatırlatdı ki, mərhum onunla iki dəfə sağollaşıb. Öncə binanın içində qucaqlaşıblar, bir az aralanan kimi isə psixoloq ona “Zulya, sən kişi adamsan” deyib təkrar qucaqlayıb: “Mən nə bilim ki, o, mənə vida edirdi? İndi o saniyələr yadıma düşəndə ikiqat əzab çəkirəm. O, mənimlə sağollaşmağa gəlmişdi”.
Z.Bayramova eyni zamanda dedi ki, D.Rzayevin hər hansı maddi problemi olmayıb. Müsahibimizin sözlərinə görə, ona dərs demək üçün bir neçə yerdən təklif də gəlibmiş. Amma o, indiki durumundan və qazancından məmnun imiş: “Onun mənəvi dəstəyə ehtiyacı vardı. Əsas problemi də mənəvi idi. Yorulmuşdu, dolmuşdu. O gündən sonra da ondan xəbər ala bilmədik. Ta ki, dünənə qədər”.