Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinin 4-cü mərtəbəsində qadına məxsus əl çantası oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən restoranlardan birində baş verib.
F.V. adlı xanım əl çantasını masanın üzərinə qoyub və təxminən 2 dəqiqə sonra geri qayıtdıqda onun yoxa çıxdığını görüb. Çantanın içərisində şəxsiyyət vəsiqəsi, 15 manat pul, 70 manatlıq kosmetika, 20 manatlıq qulaqcıq qabı və 60 manatlıq enerji naqili olub. Ümumilikdə qadına 165 manat maddi ziyan dəyib.
Zərərçəkmiş dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, hadisəni 1978-ci il təvəllüdlü, Göyçay şəhər sakini P.Ə. törədib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş protokola məhkəmədə baxılıb.
P.Ə. oğurladığı əşyaları sataraq pulu xərclədiyini etiraf edib. Məhkəmənin qərarı ilə o, 2 ay müddətinə inzibati həbs cəzası alıb.