Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib.
Malyariya günü Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədi ilə 2007-ci ildə təsis edilib.
Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir.
Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.
Hər il 250 milyon insan malyariyaya yoluxur.
Problem 2009-cu ildə dünyada daha aktual olub və dünya əhalisinin yarısı, yəni 3,3 milyard insan malyariya təhlükəsi qarşısında qalıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova TİA.AZ-a bildirdi ki, ölkədə, keçən əsrdə malyariya xəstəliyinin 5 geniş miqyaslı epidemiyası baş verib:
“Sonuncu epidemiya 1994-cü ildə başlayıb. 1990-cı illərin əvvəllərində respublikada malyariyaya görə epidemioloji vəziyyət yenidən pisləşməyə başladı. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, bir milyondan çox qaçqın və məcburi köçkünlərin yaranması və onlar arasında xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəiflədilməsi, müvafiq vasitələrin, dərman preparatlarının, laborator avadanlıqların, dezinfeksiya maddələrinin çatışmazlığı və müvafiq tədbirlərin vaxtında gorülməməsi malyariya epidemiyasının baş verməsinə səbəb oludu. Belə ki, 1993-cü ildə respublika üzrə 23 hadisə qeydə alındığı halda, 1994- cü ildə 667 nəfərdə (29 dəfə cox) yerli yoluxma halları baş verdi. 1995-ci ildə 2840 (124 dəfə çox), 1996-cı ildə isə ən yüksək pik vəziyyət yarandı və 13135 hadisə (571 dəfə çox) qeydə alındı.
Beləliklə də xəstələnmə respublika ərazisinin 80%- ni əhatə etdi. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən 1997-ci ildə Malyariya ilə mübarizə üzrə Milli Proqram işlənib hazırlandı və həmin ildən başlayaraq, xəstəlik əleyhinə aparılmış məqsədyönlü kompleks əksepidemik tədbirlərin nəticəsində xəstələnmə səviyyəsi ilbəil azalaraq, 2010-cu ildən sonra sporadik halda qeyd olunmağa başladı və 2013- cü ildən etibarən bu günə kimi yerli yoluxma halları qeydə alınmadı”.
S.Əhmədova deyir ki, Azərbaycan Daşkənd şəhərində 2005- ci ildə qəbul edilmiş,“Avropa regionunda malyariya ilə mübarizədən onun eliminasiyasına doğru” Bəyannaməsinə qoşularaq və respublika ərazisində malyariyanın tam eliminasiyasına nail oldu: “Aşqabad şəhərində isə 2016-cı ilin iyul ayında “Eliminasiyadan sonrakı dövrdə xəstəliyin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə yeni bəyannamə qəbul edildi. Bununla da, respublikamız malyariyadan azad ölkə statusu qazandı.
2016-2020-ci illər üçün “Azərbaycan Respublikasında malyariya xəstəliyinin yenidən bərpa olunmasının qarşısının alınması” üzrə Milli Strategiya işlənib hazırlandı və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilərək icrasına başlandı. Respublika ərazisində xəstəliyin tam eliminasiyasına nail olunmasına baxmayaraq, digər region ölkələrində hələ də xəstələnmə hallarının və əhali arasında intensiv miqrasiyanın mövcud olmasını nəzərə alaraq, xəstəlik əleyhinə tədbirlərin zəiflədilməməsi və bu tədbirlərin davamlı olaraq aparılması tələb olunur”.
İlahə