Azərbaycanda 2023-ci ilin ən yaxşı məşqçisinin adı məlum olub
Azərbaycanda 2023-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.
Qurbanov 66 jurnalistin qatıldığı sorğuda 56 səs toplamaqla, 2023-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 13-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb!
Sorğuda iştirak edənlərdən 5-i “Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 3-ü “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşiyevə, 2-si isə “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova səs verib. Azərbaycan milli komandasının keçmiş çalışdırıcısı Canni De Byaziyə səs verən olmayıb.
“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasında, daha sonra Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Köhlən atlar” Azərbaycan futbolu tarixində ilk dəfə olaraq bu mövsüm Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi Azərbaycanın ilk qanuni milli mərc saytı olan “ETOPAZ”ın sponsorluğu ilə və “Pelikan” İdman Fəaliyyətləri Klubunun maliyyə dəstəyi ilə dekabrın 19-da keçiriləcək. “Fairmont otel”in (“Üç alov qülləsi”) “Nizami Gəncəvi zalı”nda təşkil olunacaq tədbir saat 11:00-da başlayacaq.