Artıq ilin sonuna az sayılı günlər qalıb. Bir neçə gündən sonra 2016-cı ili yola salıb, yeni ili qarşılayacağıq.
Artıq ilin sonuna az sayılı günlər qalıb. Bir neçə gündən sonra 2016-cı ili yola salıb, yeni ili qarşılayacağıq.
Təbii ki, yola saldığımız il hər kəsin yaddaşında fərqli təəssüratlarla qalır.
Maraqlıdır, 2016-cı ili kim necə xatırlayacaq?
Yeniçağ.az 2016-cı il kimin yadında necə qaldığını öyrənmək üçün tanınmışları sorğu-suala tutdu:
“Bakı Metorpoliteni QSC”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin fikrincə, belə tendensiya var ki, hər kəs deyir il ildən ağır gəlir:
“Ancaq mən belə düşünmürəm. Məncə hər ilin öz xüsusiyyəti var. İnsan ona bəxş olunan həyatı yaşayır və bu həyatın necə keçməsi həm də insanın öz əllərindədir. Əvvəlki illər kimi 2016 da həyatımızda yaxşı günlərlə yadda qalıb çətinliklər, problemlər olsa da çalışdıq ki, yaxşı olsun. İstər iş həyatında, istərsə də şəxsi həyamızda 2016-dan elə də narazılığımız olmadı. Təbii ki, əsas məsələ 2017-də daha da yaxşı olmasına çalışmaqdır. 2017 hər birimizin həyatına uğur gətirsin”.
Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli qeyd edir ki, 2016-cı il adı illərdən biri olmadı:
“Biz jurnalist olduğumuz üçün, məsələyə bir qədər şəxsi yox, ictimai rakursdan yanaşmalıyıq. 2016-cı ildə ölkəmiz bir çox mühüm tədbirlərə ev sahibliyi etdi. Dünyada baş verən iqtisadi böhran ölkəmizdən də yan keçmədi. Bu da iqtisadiyyata yeni yanaşmanın ortaya qoyulması üçün şərait yaratdı. Hökumətimiz qeyri-neft sektorunun inikişaf etdirilməsi üçün qanunvericiliyə mühüm yeniliklər əlavə etdi. Bu baxımdan da, hesab edirəm ki, asan il olmadı. Ancaq bu sınaqlardan da ölkəmiz üzü ağ çıxa bildi. Ümid edək ki, qarşıdan gələn ilimiz daha asan, ruzili və bərəkətli olsun!”
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov qeyd edir ki, 2016-cı ili özüm üçün uğurlu il hesab edə bilərəm:
“Bu il ərzində bir çox şəxsi problemlərim həllini tapdı, eyni zamanda ölkə.az saytının kollektivi bpyüdü, bir neçə peşəkar jurnalisti komandamıza cəlb edə bildik. Ama hər ilin həm də xoş xatırlanmayan anları oıur, bunların arasında itirdiyimiz doğmalardır. Ümid edirəm ki, önümüzdəki 2017-ci il həm şəxsim, həm ailəm, həm də xalqım adına daha uğurlu olar”.
“Azəravtoyol ASC”nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli söyləyi ki, dünyada iqtisadi böhrandır, ölkəmizdə infrastruktur layihələr, xüsusən də yol infrastrukturu sahəsində layihələr, prezident İlham Əliyev tərəfindən yol tikintiləri ilə bağlı 40-dan artıq sərəncama uyğun işlər uğurla icra olunur:
“Ölkənin dörd bir yanında bu istiamətdə işlərimiz davam etdirilir. Bu üzdən mətbuat xidməti olaraq işimiz çox olub. Hələ görüləcək işlər də çoxdur və 2017-ci ildə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik.
Yazar Səxavət Sahilin fikrincə, 2016-ili o biri illərə nisbətən uğurlu hesab etmək olar:
“Bu ildə “Troyalı qadın” adlı kiçik roman başlamışam yazmağa. “İsanın qayıdışı” adlı romanı isə bitirmişəm. Nar silsiləsinə aid şeirlər yazmışam. Bir sıra araşdırma məqalələri də yazmışam. Və nəhayət uğur hesab elədiyim Türkiyədə Yeni Türk Ədəbiyyatı üzrə magstraturaya qəbul olmuşam. Amma 2017-ci ildə daha çox uğur gözləyirəm”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirir ki, ən əsas məsələ bu il 16 illik xəbər karyerasına son qoyub:
“Bildiyiniz kimi, Bakı Nəqliyyat Agentliyində ictimai əlaqələr şöbəsinə keçdim. Amma bu il mənim üçün yadda qalan aprel döyüşləri oldu. Həmin vaxt mən İTV-nin reportyoru kimi cəbhə xəttinə getdim və orada peşə borcumu yerine yetirdim. Bu nəinki bu ilin ümumiyyətlə 16 illik müxbir fəaliyyətimin ən yadda qalan anı idi”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, 2016-cı il mənim üçün hansısa yadda qalan hadisələrlə zəngin olmayıb:
“Amma xoş olanı da var, qüssə-kədər gətirəni də. Ümumilikdə, əvvəlki illər kimi daha çox ailə-uşaq, məişət qayğılarının həlli işləri ilə yadımda qalacaq bu yekunlaşan 2016-cı il. Səmimi demək lazımdır ki, əgər cəmiyyətimizdə, yaxın ətrafımızda bu qədər ağrısı-acısı olan dostlar, tanışlar, sadə insanlar var ikən, hansı yüksək əhval-rühiyyədən danışa bilərəm? Qarabağ müharibəsinin odunda-alovunda əldə silah şəxsən iştirak etmiş bir şəxs kimi, bu il də bu məqsədyönlü şəkildə böyük dövlətlər, konkret olaraq Rusiya, Amerika və Fransanın riyakarlığı, ikiüzlülüyü sayəsində məsələnin həll edilmədiyinə görə, çox üzgünəm. İnanmaq istərdim ki, nəhayət ki, gələn il bu “acı bağırsaq” kimi uzanan məsələ öz həllini tapacaqdır. Hamımız aprel ayında cəbhədə ordumuzun şəxsi heyətinin necə böyük əzmkarlıq və rəşadət göstərdiyinin şahidi olduq. Amma, yenə nankor qonşularımız və onların havadarları qoymadılar ki, Azərbaycanın haqq işi sona yetirilsin. Çoxlu şəhid və yaralılarımız oldu. Tanrının uca Şəhidlik zirvəsinə ucalan Şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirmiş hərbçi dostlarımıza isə tezliklə tam sağalmaqlarını arzu edirəm”.
Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət 2016-cı ilin şəxsi planda bir sıra önəmli hadisələrlə yadda qaldığını söyləyib:
“Qızım Yavru ilk dəfə məktəbə, oğlum bağçaya getdi. Biznes planında isə ümumi durumla bağlı olaraq, bir eniş var. Bəzi layihələrimizi ilin sonunda bağlamaq qərarı qəbul etdik. Ümumilikdə, qarşılamağa hazırlaşdığımız 2017-ci ili düşündükdə, 2016-cı ili uğurlu hesab etmək olar”.
Aktyor Rəşad Kəsəmənli deyir ki, ən çox yadda qalan qızım Zəhranın 1-ci sinfə qədəm qoyması oldu:
“Daha sonra isə Lənkəranda çəkilişləri davam edən yeni serialda rol almağım və nəhayət izləyicilərin səsvermə nəticəsində ilin ən yaxşı aktyoru adını almağım oldu”.
Tia.az saytının rəhbəri Əlişir Əhəd 2016-cı ilin digərlərindən fərqli il olduğunu söyləyir:
“Üzücü və sevindirici hadisələr oldu. Məsələn Aprel döyüşləri bu ilin ən yadda qalan hadisəsini numunə göstərə bilərik. Ona görə ki, ordumuz apreldə subut etdi ki, biz öz torpaqlarımızı almaq gücündəyik. Üzücü məqam isə şəhidlərimizin olması idi. Digər üzücü isə İqtisadi məsələ oldu. dünyada baş verən iqtisadi böhran təbii ki, bizə də təsir etdi. Və bu da vətəndaşlarımızın sosial vəziyyətin bir az ağırlaşdırdı. Ümid edirəm ki, 2017 cı il dövlətimiz və vətəndaşlarımız üçün daha uğurlu il olacaq”.
Şair Emin Piri Yeni bildirir ki, ixtisası üzrə işə başlayıb:
“Yaradıcılıq baxımdan özümçün uğurlu saya bilərəm. Məhz bu il yazdıqlarım və əmin olduğum şeirlərim hesabına gələn il yeni kitabımı dərc etdirməyi düşünürəm”.