Hətta minimal fiziki aktivlik belə sağlamlıq üçün faydalıdır.
Tribunainfo.az xəbər verir ki, son illər aparılan tədqiqatlar göstərir ki, gündəlik atılan addım sayı insanın xəstəlik riskinə və həyat müddətinə birbaşa təsir edir. Uzun illərdir “10 000 addım” ideal göstərici hesab olunsa da, bu rəqəm əslində 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları ərəfəsində aparılan bir Yapon reklam kampaniyasından qaynaqlanır və dəqiq elmi əsaslara söykənmir. The Telegraph nəşri bir neçə araşdırmanı təhlil edərək gün ərzində atılmalı olan optimal addım sayını müəyyənləşdirib.
2000–3000 addım: ürək xəstəliklərindən qoruyur
111 mindən çox insanın məlumatları əsasında aparılan genişmiqyaslı bir araşdırma göstərib ki, gündə cəmi 2000–3000 addım belə ürək-damar xəstəlikləri riskini azaldır.
Daha dəqiq desək, gündəlik 2517–2735 addım atan insanların, cəmi 2000 addım atanlarla müqayisədə bu xəstəliklərə tutulma riski 11% daha azdır.
Sidney Universitetinin 72 000 britaniyalı üzərində apardığı başqa bir araşdırma isə göstərib ki, 2200 addımdan çox hərəkət ürək sağlamlığına müsbət təsir edir və qısa müddətdə belə ölüm riskini azalda bilər.
4000 addım: demensiya riskini azaldır
Həmin araşdırmaya əsasən, 4000 addım gün ərzində atıldıqda orqanizmdə xroniki xəstəliklərdən ölüm riski 20% azalır – xüsusilə də orta yaşlı insanlar üçün.
78 000 nəfərin məlumatları əsasında aparılan digər tədqiqat isə sübut edib ki, 3800 addım zehni qabiliyyətin qorunması üçün minimal hədəfdir. Bu göstəriciyə çatmaq alzheimer və demensiya riskini 25% azaldır.
Bu qədər addım təxminən 35–45 dəqiqə yüngül və ya orta intensivlikdə gəzinti deməkdir.
7000 addım: depressiya riskini azaldır
33 müxtəlif araşdırmanın nəticələrinə əsaslanan yeni bir meta-analiz göstərib ki, gündə 7000 addım atan insanların depressiyaya düşmə riski 31% aşağıdır.
Orta hesabla 7126 addım həmçinin ürək-damar xəstəliklərindən ölüm riskini 51% azaldır.
10 000 addım: niyə bu qədər?
Bəzi araşdırmalara görə, 9800 addım demensiya riskini minimuma endirmək üçün optimal say hesab olunur. Digər tədqiqatlar isə 8800 addımın xroniki xəstəliklərdən erkən ölüm riskini 60% azaltdığını göstərib.
Arıqlamaq üçün neçə addım atmaq lazımdır?
Arıqlamaq üçün təkcə gəzmək kifayət deyil – kalori çatışmazlığı (defisiti) əsas şərtdir. Yəni, həm fiziki aktivlik artmalı, həm də qidalanma azaldılmalıdır.
10 000 addıma çatmaq arıqlamağa kömək edə bilər, lakin əsas rol fiziki hərəkətin intensivliyindədir, yoxsa addım sayında deyil.
Gəzinti ilə neçə kalori yandırmaq olar?
Bu, əsasən insanın çəkisindən asılıdır. Çəkisi çox olan insanlar daha çox kalori sərf edir, çünki bədən daha çox enerji xərcləyir.
İmran Kərimli