Əgər Ağ Ev sözünü tutsa və sona qədər dürüst olsa, bu, əsrin sensasiyası olacaq. Ötən əsrin ən qalmaqallı və ən müəmmalı siyasi qətlinin – Con Kennedinin öldürülməsinin 58-ci ilində, nəhayət, əsl həqiqət üzə çıxacaq.
Əslində uzun illər bu qətllə bağlı aparılmış araşdırmalar, təhlillər, habelə onların əsasında yazılmış kitablar bir xeyli adamda çoxdan müəyyən qənaətlər yaradıb. Açıqlanması gözlənilən materiallar o qənaətlərdən birinin – ən ağlabatanının təsdiqi olacaq.
Yayılan xəbər bundan ibarətdir ki, ABŞ prezidentinin administrasiyası bu ilin dekabr ayının 15-nə qədər ölkənin 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə müəmmalı qətlinə dair yeni materiallar açıqlayacaq.
İndiyəcən bu qətllə bağlı həqiqətlər, təfərrüatlar ona görə açıqlanmırdı ki, cinayətlə bağlı qaynaq və sənədlər “ölkənin müdafiəsinə, kəşfiyyatına, milli təhlükəsizliyinə xələl gətirə” bilərdi. 1992-ci ildə isə ABŞ Konqresi səndlərin “tədricən” açılması barədə qərar qəbul edib.
Bəs guya 58 il öncə, Kennedi qətlə yetiriləndən bir neçə gün, bir neçə həftə, bir neçə ay, lap bir neçə il sonra bu sənədlər açıqlansaydı, ABŞ dövləti batıb gedərdimi, dağılardımı? Əsla belə bir şey baş verməzdi.
Sadəcə, qətlin arxasında duranlar öz hakimiyyətlərini, sərvətlərini itirərdilər. Məhz ona görə də onlar bu qətlin üstünü hermetik şəkildə ört-basdır ediblər və cinayətin üstünün 50-60 ildən sonra açılmalı olduğunu qanuniləşdiriblər.
ABŞ Konqresinin açıqlayacağı sənədlərdə Kennedinin qətlində eks-prezident Lindon Consonun və FTB direktoru Con Edqar Huverin adının çəkilib-çəkilməyəcəyindən asılı olmayaraq, bütün izlər onların və ABŞ “dərin dövləti”nin üstünə aparır.
Lindon Conson təyyarədə prezident kimi and içir
Lindon Conson Kennedinin prezidentliyi dövründə ABŞ vitse-prezidenti olub və güllələnmiş Kennedinin yaralarının qanlı tənzifi qurumamış, elə Texas ştatının Dallas şəhərindəki aeroportda dayanmış təyyarədəcə prezidenti andı qəbul edərək ABŞ prezidenti olub. Texasda doğulan Conson prezident kimi də həmin ştatda “doğulub”.
Con Kennedidən 9 yaş böyük olan bu şəxs 1960-cı ildə keçirilən seçkilərdə Demokrat partiyasından namizədliyini irəli sürsə də, sonradan ilkin seçkilərdə eyni partiyadan namizəd olan gənc Kennediyə uduzub. Ancaq Kennedi böyüklük edərək, ona vitse-prezident postu təklif edib.
Kennedinin ölümündən sonra o, bu qətlin üstünün açılmasından çox ört-basdır edilməsi ilə məşğul olub. Qətlin araşdırılması üçün yaradılmış Uorren komissiyası əlindən gələn hər şeyi edib ki, əsl həqiqət ortaya çıxmasın.
Li Harvi Osvald
Məsələn, noyabrın 22-də törədilmiş qətlə görə şübhəli şəxs kimi saxlanılan sabiq dəniz piyadası Li Harvi Osvald noyabrın 24-də konvoyların və jurnalistlərin əhatəsində olmasına baxmayaraq Cek Rubi adlı şəxs tərəfindən öldürülüb. Beləcə, qətlin yeganə şübhəlisi məhv edilib.
Bəs Cek Rubi kim olub? Gecə klubnun sahibi olan bu adamın xüsusi xidmət orqanlarının agenti, məişət pozğunu, pulgir və kefcil birisi olduğu məlumdur. Belə bir adam nəyə görə prezidentin qətlinə görə o cür ruhi həyəcan vəziyyətinə gəlməliydi ki, həyatını riskə ataraq, üçqat qoruma altında olan qatilə hücum etsin, onu öldürsün? Belə düzməcə heç detektiv filmlərdə də olmur.
Cek Rubinin Osvaldı güllələdiyi an
Barəsində güllələnmə hökmü çıxarılmış Cek Rubinin özünün də 4 ildən sonra həbsxanada ağciyər xərçəngindən ölməsi kələfi daha da dolaşdırıb.
Li Harvi Osvaldın vaxtilə SSRİ-də yaşaması və rus qızıyla evli olması göstərir ki, adamı “qatil snayper” roluna bilə-bilə seçiblər – şübhə sovet dövlətinin üstündə qalsın, sonra qədər ən güclü versiyalardan biri “SSRİ izi” olsun deyə. Bütün təhlillər isə göstərir ki, Kennedinin üstü açıq maşında şəhərin küçələri ilə gedərkən güllələnməsi tək adamın işi olmayıb.
Kennedi qardaşları – Robert, Edvard, Con
Bu qətlin üstü əslində daha tez açıla bilərdi – əgər Con Kennedinin baş prokuror və ədliyyə naziri olan qardaşı Robert Kennedi 1968-ci ildə, ilkin seçkilərin qalibi kimi prezidentliyə namizəd olacağını elan edəndən 10-15 dəqiqə sonra güllələnib öldürülməsəydi. Qətlin sifarişçiləri sanki onun prezidentliyə namizəd olub-olmayacağını gözləyirmişlər, adam namizədliyini elan edən kimi onu fələstinli qatil Sərxan Bişar Sərxana vurdurublar.
Robert Kennedi prezident seçilsə, əl-əlbət, qardaşının qətlinin üstünü açacaqdı. Amma bu, baş verməyib, Lindon Conson yenə prezident kürsüsündə qalıb.
Con Edqar Huver
Bütün bu olanların mərkəzində isə 37 il boyunca Federal Təhqiqarlar Bürosunun direktoru olmuş, 6 prezidentlə (Franklin Ruzvelt, Harri Trumen, Duayt Eyzenhaer, Con Kennedi, Lindon Conson və Riçard Nikson) işləmiş Con Edqar Huver dayanıb. Bu adam ABŞ prezidentlərindən də nüfuzlu, sarsılmaz iradəyə malik bir şəxs olub. İnformasiya dağarcığı olan Huveri öz zamanında ABŞ “dərin dövləti”nin rəhbəri saymaq olar.
Kennedinin qətlində “SSRİ izi” təsdiq olunmayandan, daha dəqiqi, puça çıxandan sonra ortaya “Kennedilərin mafiya ilə düşmənçiliyi” məsələsi atılıb. Ancaq bu da iz azdırmaq məqsədi daşıyıb. Kennedi SSRİ rəhbərliyi ilə dil tapmağa çalışan, bir sıra böhranların (məsələn, Karib böhranı) həlli üçün effektiv addımlar atan bir lider olub. Xruşov onun qətlə yetirilməsi ilə bağlı göstəriş verməzdi, versə də, bunu həyata keçirməyə sovet DTK-sının gücü çatmazdı.
Xruşov və Kennedi
ABŞ-da fəaliyyət göstərən mafiozlar isə prinisipial olaraq polis zabitlərini və siyasət adamlarını hədəf seçmirdilər, çünki bu, onların şəbəkəsinin darmadağın edilməsiylə nəticələnərdi. Gecə-gündüz bir qoşun adam tərəfindən qorunan, hara gedəcəyi, haradan gələcəyi yalnız xüsusi xidmət orqanlarının şefinə və öz şəxsi mühafizəsinə bəlli olan prezidenti (dünyanın ən güclü dövlətinin başçısını) öldürmək mafiya klanlarının işi ola bilməzdi.
Ortada yalnız bir ünvan qalır: dövlətin özü.
Bəs o zaman dövləti idarə edənlər nədən bu fikrə düşsünlər? Çox sadə səbəbdən. Amerika xalqının sevimlisi olan Kennedinin nüfuzu imkan verirdi ki, o, 1964-cü ildə keçiriləcək seçkilərdə də asanlıqla qələbə qazansın. ABŞ başbilənləri isə hesab edirdilər ki, Kennedi öz mülayim siyasəti ilə ABŞ-ın ümdə maraqlarını SSRİ-nin ayağına verir, Kremlin qabağından qaçır və bu, ABŞ xalqını məhvə aparır.
Bu baxımdan onun qətl yoluyla aradan götürülməsi variantı seçilə bilərdi. Bu işin üstünün indiyədək tam açılmaması, qətlə dair təfərrüatların açıqlanmaması bu üzdəndir.
Budur, dekabrın 15-də məxfi sənədlərin ilk hissəsinin elan olunacağı bildirilsə də, ABŞ-ın xüsusi xidmət orqanları sənədlərin ikinci hissənin dərcinin daha başqa tarixə ertələnmsini istəyib. Milli arxiv və sənədləşmə idarəsi də hökumətə müvafiq sorğu göndərib.
Baxın, ABŞ dövləti bu sirrin üstünü hələ də açmaq istəmir. Əcəba, niyə?
Xalid Kazımlı