İki dost 2 manat 50 qəpiyə görə dava ediblər. Mübahisə əvvəlcə davaya, dava isə qanlı cinayətə çevrilib. Dostlardan biri sinəsindən bıçaq zərbəsi alıb, onu ölümdən xilas etmək mümkün olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən E.Hümbətov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bıçaqlanan Ceyhun məhkəmədə deyib ki, mübahisəyə səbəb pul olub. Həmin məbləğ isə 2 manat 50 qəpik imiş. Ceyhun deyib ki, Elvinə 2 manat 50 qəpik verərək başqa bir tanışlarına çatdırmasını istəyib. Amma Elvin pulu sahibinə çatdırmayıb və onlar arasında mübahisə yaranıb.
Hadisə ötən ilin dekabrında baş verib. Məlum olub ki, bıçaqlanma hadisəsindən əvvəl də Ceyhun Elvin döyübmüş. Elvin də bunun qisasını almaq istəyib. Amma Elvin məhkəmədə döyülmədiyini israrla deyib. Ceyhun isə israrla Elvini vurduğunu deyib.
Elvin bildirib ki, Ceyhunla eyni qəsəbədə qalır və münasibətləri yaxşı olub. Amma mübahisə zamanı Ceyhun ona xoşagəlməz sözlər dediyi üçün onu vurub.
Elvin Hümbətova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Amma Elvin deyir ki, dostunu öldürmək yox, cəzalandırmaq niyyəti olub. O, Ceyhunla bir bıçaq vurandan sonra hadisə yerindən qaçıb.