1975-ci ilin 7 noyabr inqilabı – Sablinin baş tutmayan üsyanı…

1975-ci ilin 7 noyabr inqilabı – Sablinin baş tutmayan üsyanı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1975-ci ilin noyabrın 7-də SSRİ-də oktyabr inqilabının ildönümü münasibətilə bayram əhval ruhiyyəsi yaşananda, Leonid Brejnev öz komandası ilə birlikdə mavzoley tribunasından Qırmızı meydandan keçən ölkə zəhmətkeşlərini salamlayanda, Baltik donanmasının tabeliyində olan “Storojevoy” hərbi gəmisində gərginlik hökm sürüb. Gəmi komandirinin siyasi işlər üzrə müavini, üçüncü dərəcəli kapitan (mayor) Valeri Sablin hökumətə qarşı qiyamın son hazırlıq işlərini yekunlaşdırıb.
Həmin günlərdə komandanlıq tərəfindən “Storojevoy”un uzun müddətli səfərlərindən sonra təmirə saxlanılması haqqında qərar verilib. Ancaq gəmi təmirdən öncə Oktyabr inqilabının ildönümü münasibətilə keçirilən hərbi dəniz paradında iştirak etməsi haqqında tapşırıq alıb. Beləliklə, “Storojevoy” noyabrın 6-da Riqa sahillərinə yan alaraq səhəri gün körfəzdə keçirilən bayram tədbirində iştirak edib və sonra təmirə dayanmaq üçün Liepaya istiqamət alıb.
Axşam saatlarında Valeri Sablin gəminin komandiri Anatoli Potulnıya təmir otağında miçman və matrosların şənlik təşkil etdikləri, sərxoş vəziyyətdə olmaları haqqında məruzə edib. Komandir dərhal “hadisə” yerinə yollanıb. Anatoli Potulnı içəri daxil olanda Sablin qapını arxadan bağlayıb və planlarının icrasına başlayıb.
Həmin vaxt “Storojevoy” gəmisində 204 nəfər xidmət edib. Sablin şəxsi heyəti həyəcan siqnalı ilə qaldıraraq sıraya düzüb. Siyasi işlər üzrə komandir müavini öz fikirlərini açıqlayaraq bildirib ki, sosial ədalətsizliyə, mövcud partiya və hökumət rəhbərlərinin Lenin prinsiplərinə zidd getmələrinə son qoymaq üçün məqam yetişib, ciddi addımlar atmağın vaxtıdır. O, bildirib ki, hərbi gəmidə qiyam qaldıraraq tələblərini irəli sürəcək və kim buna tərəfdardırsa bu etiraz aksiyasında iştirak edə bilər. Şəxsi heyətin təxminən yarı hissəsi Sablini dəstəkləyib. Razılaşmayanları isə gəminin anbarlarına salaraq qapıları onların üzünə bağlayıblar.
Hadisələrin bu gərgin anlarında baş leytenant Firsov özünü suya ataraq sualtı qayıqların birinə çatmağa cəhd edib. Sözsüz ki, noyabr ayında, havaların soyuq keçdiyi bir vaxtda, sualtı qayıqların dəqiq yerinin bilinmədiyi bir halda Firsovun bu cəhdi böyük cürət tələb edib. Firsovun cəhdi baş tutub. O, “B-49” sualtı qayığına yetişərək donanma komandanlığı ilə rabitə əlaqəsi yarada bilib, bildirib ki, “Storojevoy” gəmisində qiyam baş verib.
Sablin SSRİ Hərbi Dəniz Donanmasının komandanı admiral Qorşkova teleqram göndərərək tələblərini irəli sürüb:
“Siyasi Büroya və hökumətə bildirin ki, “Storojevoy” gəmisində kommunist inqilabı bayrağı qaldırılıb. Tələb edirəm ki, gəmi ərazisini müstəqil ərazi elan edəsiniz. Gəmidə olanlardan bir nəfərə Mərkəzi Televiziyada 30 dəqiqəlik çıxış etmək üçün vaxt ayırasınız. Sizə iki saat vaxt verilir. Gəmiyə silahlı müdaxilənin və onun nəticələrinin məsuliyyəti Siyasi Büronun üzərinə düşür. Hamınızın diqqətinə çatdırıram, biz vətənə xəyanət etmirik, bu siyasi mübarizədir. Kim bizə mane olacaqsa, biz onları vətənə xəyanət edənlər kimi qəbul edəcəyik…”
Məsələnin ciddiliyi nəzərə alınaraq Siyasi Büronun təcili yığıncağı keçirilib. Hadisəyə ən sərt reaksiya verən Yuri Andropov olub. DTK sədri bildirib ki, nəyin bahasına olursa olsun “Storojevoy” dayandırılmalıdır, İsveç sərhədlərinə keçməməlidir, son məqamda bombalanaraq batırılmalıdır.
Gəmini dayandırmaq üçün sərhəd xidmətinə məxsus olan 12 gəmi suya buraxılıb, havaya 9 qırıcı təyyarə qaldırılıb. Təyyarələr xəbərdarlıq bombaları atıblar. Gəmiyə heç bir ziyan dəyməyib. Yaranan gərgin vəziyyətdən istifadə edən bir neçə matros gəmi komandirini xilas edə biliblər. Anatoli Potulnı silah otağını açaraq matrosları silahlandırıb, göyərtədə Sablinlə üzləşəndə onu tapança ilə ayağından yaralayıb. Sablinin əl-qolu kəndirlənərək gəmi komandirinin otağına salınıb. Bununla da qiyama son qoyulub. Anatoli Potulnı donanma komandanlığına məruzə edərək bildirib ki, gəmi Riqaya istiqamət alır.
“Storojevoy” Riqaya çatdıqdan sonra Sablin Moskvaya aparılıb. İstintaq bitdikdən sonra iş SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına verilib. Məhkəmə prosesində Sablin bütün ittihamları qəbul edib. Yalnız vətənə xəyanət ittihamından başqa. Amma ona heç kim qulaq asmayıb, əfv xahişlərini heç kim qəbul etməyib. Məhkəmənin hökmü ilə Valeri Sablin ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Hökm 3 avqust 1976-cı Moskvada icra olunub.
Edamdan əvvəl Sablin oğluna göndərdiyi məktubda aşağıdakıları yazıb:
“Güclü və inamlı olun. İnanın ki, inqilablar həmişə qələbə ilə nəticələnir…”
Bu ifadələrin müəllifinin inqilabı isə baş tutmayıb. İnqilab onun həyatına 37 yaşında son qoyub.
Qeyd edək ki, 1994-cü ildə Valeri Sablinin işinə yenidən baxılıb, ölümündən sonra onun cinayət işindən vətənə xəyanət maddəsi götürülüb və 10 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.(musavat.com)