1937-ci ildə İosif Stalin “Ümumittifaq əhalinin siyahıyaalınması” haqqında qərar qəbul edib. O vaxt dedikləri kimi, “həyat yaxşılaşıb, həyat daha şən olub” deyə “inandırıcı” məlumatlar yayılmağa başlayıb. Məqsəd guya xalqın rifah halının 1920-ci illə müqayisədə nə qədər artdığını göstərmək olub.
Anketdə hər bir SSRİ vətəndaşı təkcə cinsini və yaşını yox, həmçinin məşğuliyyət, savad səviyyəsi və hər hansı dini inanclara sahib olub-olmamasını da göstərməli olub. Stalin anket suallarını şəxsən yoxlayıb və redaktə edib. Odur ki, siyahıyaalmadan əvvəl hərtərəfli kampaniya aparılıb. Hökumət və partiya hətta xüsusi fərman verib, siyahıyaalmada iştirakın vətəndaşlıq borcu olduğu hamıya çatdırılıb. Broşuralar, plakatlar çap olunub, hadisə mətbuatda davamlı olaraq qeyd edilib.
Bundan əvvəl sürətli sənayeləşmə baş verib. Siyahıyaalma həmçinin ölkədə din əleyhinə aparılan kampaniyanın uğurunu nümayiş etdirmək məqsədi daşıyıb. Yəni nəticələr göstərəcəkdi ki, bu vaxta qədər ölkədə sosializm artıq qurulub.
Artıq sosial siniflər və ya qeyri-bərabərliklər yoxdur; əvəzində elə sosial qruplar var ki, onlara mənsubluğunu göstərmək lazım gəlir: fəhlə, kolxozçu, mühəndis, alim. 1926-cı il siyahıyaalmasından fərqli olaraq, heç bir burjuaziya, zadəgan, tacir və bu kimi şeylər yer almayıb. On dörd bənddən ibarət anket partiyanın siyasətinin uğurunu nümayiş etdirməli olub.
Siyahıyaalma əhali “artımını” və ölkənin nə qədər yaxşı “inkişaf” etdiyini açıq şəkildə göstərib. Rəqəmlər gözləniləndən xeyli aşağı olub. Ancaq yeganə problem bu olmayıb. Bütün vətəndaşların yarıdan çoxu dindar çıxıb.
Yekun rəqəm 162 003 225 nəfər olub. 1933-cü ildə aparılan siyahıyaalmada isə SSRİ əhalisinin sayı 165 milyon göstərilibmiş. Stalin 1934-cü ildə qurultya tribunasında bu rəqəmi səsləndirib. 1937-ci il siyahıyaalmasında isə o, güvənib ki, əhalinin sayı artıq 168-170 milyon olmalıdır. Amma bu dəfə sayımı aparanlar şişirtməyə yol verməyiblər, real rəqəmləri göstəriblər – 162 milyon. 1933-cü ildəki statistikanın yalan olduğu üzə çıxıb.
Hər kəsə məlumdur ki, repressiya illərində milyonlarla insan sovet rəhbərliyinin tərtib etdiyi siyahıya əsasən, ya sürgün olunub, ya həbs edilib, ya da güllələnib. Təbii ki, Stalin və onun ətrafında olan şəxslər bunu yaxşı biliblər. Şübhəsiz ki, 1937-ci ildəki siyahıyaalmanın statistikasına repressiyanın da təsiri olub. Lakin statistikanı aparanlar SSRİ rəhbərliyinin əsl məqsədini bilmədikləri üçün əhalinin sayılmasını dürüst şəkildə aparıblar, anketlərdə yazılan cavabları doğru qeyd ediblər.
Elə o vaxt SSRİ Xalq Komissarları Soveti fərman verib ki, siyahıyaalma “ciddi pozuntularla” və “pis niyyətlə” aparılıb. 1939-cu ildə etibarsız elan edilən siyahıyaalma yenidən keçirilib. Bundan sonra Xalq Daxili İşlər Komissarlığına məlumatları “saxtalaşdıran”larla mübarizə aparmaq tapşırılıb.
Siyahıyaalmanın təşkilində iştirak edən hər kəs “xalq düşməni” elan edilib və güllələnib. 1939-cu ildə yenidən siyahıyaalma aparıldıqda, rəqəmlər Stalinin istədiyi kimi çıxıb. Onların etməli olduqları şey neçə nəfərin öldüyü barədə məlumatları dəyişmək olub. Cavabı Stalini çox sarsıdan dinlə bağlı sual anketdən tamamilə çıxarılıb.
Reallıqda obyektiv səbəblərdən rəqəmlər aşağı olub, lakin heç kim bunu Stalinə deməyə cəsarət etməyib. Bir neçə ildən sonra başlayan müharibənin ilk illəri isə Stalinin və ətrafında olanların əsl simasını ortaya qoyub. Milyonlarla insan yalan vədlərin və inkişafın qurbanı olub.
Qeyd edək ki, partiyanın “siyasəti” nəticəsində 1921-1922-ci illərdə aclıqdan 5 milyon, 1921-1924-cü illərdə kəndlilərin üsyanları zamanı 60 000-100 000 arası, 1930-1933-cü illərdə Stalinin məcburi kollektivləşməsi zamanı 600 000, 1932-1933-cü illərdə baş verən aclıqda 6,5 milyon, 1922-1953-cü illərdə təkcə həbsxanalarda 1,6 milyon, 1946-1948-ci illərdə yenə də aclıqdan 1 milyona yaxın insan ölüb. 26 milyon insan da müharibədə həlak olub. Dünyanın ərazisinə görə ən böyük ölkəsinin əhalisi bu üzdən çox artmayıb. Əgər aclıqdan ölümlər, repressiyalar və müharibədəki həddən artıq itkilər olmasaydı, 1980-90-ci illərdə SSRİ-nin əhalisi yəqin ki, 500 milyona çatardı.
İlkin Nəcəf