XX əsrin 80-ci illərində ABŞ-də təsadüfən aşkar edilən bu silah dünya miqyasında insanları heyrətləndirib. Ona qədər “səssiz tapança” haqqında deyilənlər əfsanə xarakteri daşıyırmış. Ancaq deyilənlərin həqiqət olduğu üzə çıxanda hamı ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin nə qədər “əliuzun” təşkilat olduğuna əmin olub.
Frenk Çörç komissiyası
1972-ci ildə ABŞ-da Uotergeyt qalmaqalı (ABŞ lideri Riçard Nikson MKİ-nin köməyi ilə siyasi rəqiblətini izləyirmiş) başlayanda Senat Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və eyni zamanda Federal Təhqiqatlar Bürosunun (FTB) kəşfiyyat fəaliyyətinin qanuniliyini yoxlamaq qərarına gəlib.
Bu məqsədlə 1975-ci ildə senator Frenk Çörçün rəhbərliyi ilə Amerika xüsusi xidmət orqanlarının insanların hüquqlarını pozan bir çox əməliyyatlarına aydınlıq gətirməsi üçün xüsusi komitə yaradılıb. Araşdırmaya mane olmaq üçün Respublikaçılar partiyasının üzvləri Demokratlar partiyasının üzvü Çörçün rəhbərliketdiyi komissiyanı dövlətə xəyanətdə ittiham ediblər. Bütün təzyiqlərə baxmayaraq, senatorun komandası 2 il ərzində ABŞ kəşfiyyatının fəaliyyətinin bir çox sirrini açan 14 hesabat dərc edib.
Araşdırılan məsələlər arasında Konqoda Patris Lumumbaya, Dominikanda Rafael Truxilyoya, Vyetnamda Diem qardaşlarına, Çilidə general Rene Şnayderə və prezident Kennedinin Kubada mafiyanın əli ilə Fidel Kastronu “sıradan çıxarmaq” planları da daxil olmaqla xarici liderlərə qarşı siyasi sui-qəsd cəhdləri olub. Hər iki dövlət strukturunun daxili siyasətdə COINTELPRO proqramı çərçivəsində qeyri-qanuni müşahidələr apardığı, ayrı-ayrı şəxslərə təzyiqlər etdiyi, hətta qətllər həyata keçirdiyi aşkarlanıb.
Çörçün araşdırması mətbuatda geniş şəkildə işıqlandırılıb və bundan sonra Senatda keçirilən dinləmənin ən maraqlı anları hətta televiziya vasitəsilə yayımlanıb. Məhz o zaman dünya MKİ-nin bir çox maraqlı casusluq və kəşfiyyat vasitələri haqqında məlumat əldə edib.
Görünməyən və iz buraxmayan zəhərli güllə
Kəşfiyyat vasitələri arasında insanda infarkt yaradan (Heart attack gun) tapançasının olması geniş rezonans doğurub. Aydın olub ki, bu silahla vurulan insanda heç bir yara izi qalmır. Tapança sadə, lakin effektiv mexanizmlə təchiz edilib və içərisində güclü zəhər olan mikroskopik buz oxları ata bilirmiş. Tapançanın effektiv atəş məsafəsi təxminən 100 metr təşkil edib. Silah səssiz rejimdə atəş aça bildiyi üçün atıcını aşkar etmək çox çətin olub.
Frenk Çörçün rəhbərlik etdiyi komissiyanın hesabatına görə, oxlar o qədər kiçik olub ki, adi gözlə onları müəyyən etmək mümkün olmayıb. Lakin mikro kalibrli güllə yüngül paltarları deşməyi bacarıb və dəridə kiçik qırmızı şişdən başqa heç bir iz buraxmayıb. Dəriyə daxil olan ox öncə əriyir və toksini qana buraxır. Qısa müddət ərzində insan kənardan tamamilə təbii görünən sürətli infarkt keçirir. Sonrakı yoxlama zamanı şübhəli heç nə aşkar edilmir.
Hətta təxminən 5000 insanı öldürmək üçün kifayət edən təhlükəli saksitoksin maddəsi MKİ-nin qərargahındakı anbar otağında aşkarlanıb. İnfarkt tapançası məşhur “Kolt”un modifikasiyası olub. Tarixin ən məşhur tapançalarından biri olan “Kolt” 1985-ci ilə qədər ABŞ ordusunun çavuşları və zabitləri tərəfindən xidməti silah kimi istifadə edilib.
18 yaşlı qızın müdhiş ixtirası
Məhkəmə-tibb ekspertləri bu silahlardan öldürülən şəxslərin ekspertiza rəyində ölüm səbəbi kimi ürək xəstəliklərini göstəriblər. Maraqlıdır ki, hesabatda hətta gülləni yaradan şəxsin adı da dərc edilib – 18 yaşlı Meri Embri. Gənc yaşında MKİ-də işləməyə başlayan vunderkind qız istedadlı kimyaçı olub.
M.Embri insanları sakitcə öldürməyin yollarını axtaran xüsusi şöbədə işləyib. Onun məqsədi isə molyuskların toksinlərinə əsaslanan və aşkar edilməyən zəhər tapmaq olub. Saksitoksin molyusklar tərəfindən özünümüdafiə üçün ifraz edilir. Zəhər natrium kanallarını bloklayaraq, neyronların fəaliyyətinə mane olur və bu da, iflic və xüsusən də ürəyin dayanmasına gətirib çıxarır.
Araşdırma nəticəsində gizli silah üzə çıxmasından sonra gənc qız sorğu-sual edilib. Meri iddia edib ki, onun ixtiralarının necə istifadə olunması barədə məlumatsız olub.
Heç bir iz qoymadan öldürə bilən silahın üzə çıxması ictimaiyyəti həyəcanlandırıb və insanların hakimiyyət orqanlarının öz məqsədlərinə çatmaq üçün nələr edəcəyi ilə bağlı qorxularını artırıb.
İlkin Nəcəf