Tribunainfo.az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O, xarici ölkələrdə təhsil alıb orada işləyənlərdən danışıb və Azərbaycanda maaşın az olmasından gileylənib:
“Övladlarımın hər üçü Azərbaycan dilində danışır, amma yazıda çox səhvləri var. Qınaya da bilmirəm, çünki məktəbdə bütün fənləri ingilis dilində keçiblər. O dildə düşünürlər. İki oğlum xaricdə yaşayır. Sabah qayıdıb gəlsələr, hansısa dövlət işində işləmək istəsələr, necə olacaq, bilmirəm.
Uşaqlarıma yaxşı təhsil vermək üçün çox əziyyət çəkmişəm (bu ayrı mövzudur). Yaxşı məktəb və xaricdə yaxşı universitetlər çox bahadır. Mənim kimi çox valideyn övladını özəl məktəblərdə oxutdurur. Azərbaycanda da yalnız ADA Universitetinə ingilis dilində imtahan verib qəbul olmaq mümkündür. Fakültə seçimi də azdır.
Bu qədər vəsait sərf edib, 1000 manat maaşa harasa işə düzəlmək (o da tanışsız mümkün deyil) məntiqsizdir. Ömürünün 16-17 ilini təhsilə sərf edən insan, külli miqdarda pul xərcləyən valideyn əziyyətinin bəhrəsini görməyəcəksə, təbii ki ölkəmizdən kənarda işləyib yaşamağa üstünlük veriləcək. Yəni bu qədər vacib məsələlər qalıb bir kənarda, rus dilində təhsil alan və o dildə öz fikirlərini daha yaxşı izah edə bilən insanı niyə bu qədər hörmətsizləşdirirsiniz?”