1500 məktəbin aqibəti necə olacaq? – Nazirin açıqlamasına reaksiya gəldi

1500 məktəbin aqibəti necə olacaq? – Nazirin açıqlamasına reaksiya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Nazirin sözlərinə görə, şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucova sual ünvanladıq.
1500 məktəbdə 100-dən az şagird varsa, bu problemi necə tənzimləmək olar?

Tribunainfo.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, ölkədə təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır. Bu həm də statistikadır. Həm də bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olmasını göstərir.

Ekspertin sözlərinə görə, müqaisələr və təhlillər onu göstərir ki, həmin məktəblərdə əksər hallarda təhsilin keyfiyyəti aşağı olur. Belə olan halda bu problemi necə həll etmək olar və burada söhbət ondan gedir ki, bu məktəblərin bəzilərinin tipini dəyişdirməklə bağlı söhbət gedir. Onların birləşdirilməsi, eyni zamanda təmayül siniflərin açılması bu həm də rasionallaşma deməkdir.

“Bütövlükdə biz müşahidə etsək görərik ki, həmin məktəblərin böyük əksəriyyətində zamanında şagird sayı 100 nəfərdən çox olub. Şagird sayının azalması nədən olub. Ümumilikdə kəndlərin sürətli boşalması prosesi başlayıb. Bəzi kəndlər genişlənir, böyüyür, bəzi kəndlər isə boşalır. Bu başa düşüləndir. İnsanlar daha çox maddi durumlarından irəli gələrək yaşayış yerlərini dəyişirlər. Əslində mən istəməzdim ki, kəndlər boşalsın. Düşünürəm ki, kənddə yaşayan insanların məşğulluğu ilə bağlı işlər sistemli şəkildə görülməlidir. Paytaxtda son illərdə kifayət qədər yüklənməsinə gətirib çıxarır və paytaxt məktəblərində təsəvvür edin ki, kifayət qədər sıxlıqdır. Ucqar dağ kəndlərində hər cür infrastrukturla təmin olunmuş məktəblərdə şagir sayı azalır.

Bu problemi necə tənzimləmək olar?

Düşünürəm ki, rasionallaşma qaçınılmaz olacaq. Amma bu planlı şəkildə həyata keçirilməlidir. Və bu mərhələli şəkildə həyata keçirilməlidir. Biz tutaq ki, bir-birinə yaxın kəndlərdə yerləşən bir məktəbi inkişaf elətdirə bilərik. Digər kəndlərdən olan şagirdlərin həmin məktəbə daşınması prosesini daha ucuz başa gələn nəqliyyat vasitələri ilə həyata keçirə bilərik. Amma burada da problemlər var. Ucqar kəndlərin əksəriyyətində həm də yol problemini görürük. Mərhələli şəkildə tənzimləmə deyəndə mən həmin yaşayış məntəqələrinin, yol infrastrukturunun yaradılmasını və yenidən qurulmasını nəzərdə tuturam. Əlbəttə, hər kəs istəyər ki, onun övladı evinə daha yaxın məktəbdə təhsil alsın. Amma təsəvvür edin ki, məktəbdə 100-dən az şagird oxuyur, təbii ki, o məktəb də tam orta məktəb ola bilməz. Zatən gələcəkdə həmin şagirdlərin tam orta təhsil alması ilə bağlı problemlər ortaya çıxacaq. Tutaq ki, internat tipli məktəblərin yaradılması məsələsini reallaşdırmaq olar. Zamanında bunlar olub. Biz şagirdləri istedadlarına müvafiq olaraq təmayüllərə cəlb edə bilərik. Həm təhsilin keyfiyyəti artacaq həm də təhsilsizlik aradan qalxacaq. Ümumilikdə mən kənd məktəblərinin bağlanmasının heç vaxt tərəfdarı olmamışam. Söhbət burada maliyyənin adam başına düşən təhsil xərclərinin səmərəliliyini təmin etməkdən gedir. Bu baxımdan hər bir kəndin, hər bir yaşayış məntəqəsinin mədəni, sosial, intellektual mühitini təmin edən bir tərbiyə müəssisəsidir. Kəndlərdə dərsə davamiyyətdə də problemlər olur. Bəzən olur ki, qızları məktəbə buraxmırlar. Bütün bunlar kompleks yanaşma tələb edir və ardıcıl, ağıllı şəkildə biz bu məsələni gələcəkdə həll etmə yollarını müzakirə etməliyik”.

Dəniz Pənahova