143 milyon manat ələ keçirən maliyyəçilərin məhkəməsi davam edəcək – GENERALIN DƏSTƏSİNİN İŞİbackend

143 milyon manat ələ keçirən maliyyəçilərin məhkəməsi davam edəcək – GENERALIN DƏSTƏSİNİN İŞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvar 19-da, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən ötən prosesdə şahid qismində  Cəbrayıl Orucov ifadə verib. 2 hərbi hissədə və hərbi polisdə maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş şahidin sözlərinə görə onlar qanunsuz ödənişlərə yol veriblər, mənimsəmə faktları olub. Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb: “Dövlət büdcəsindən həmin hesablara ödəniş edilirdi. Biz də həmin pulları nağdlaşdıraraq götürmüşük. Vəsaitin 60 faizini rəisə vermişəm, 40 faizi isə özümə qalıb”.

Şahid deyib ki, “ölü kart”lar yaradılıb, həmin kartların sahibləri faktiki olmayıb: “Pullar həmin kartlara köçürüldü. Hər ay 25 nəfərin adına ödəniş olub. Onlardan da 14-ü qadın idi. Bu əmək haqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyib. Amma bu qanunsuzluqdan hərbi hissə komandirinin xəbəri olmayıb”.

Şahid qeyd edib ki, iki hərbi hissədən ona ümumilikdə 800 min manat qalıb, qalan pulu isə təftişə gələnlər götürüb. Qeyd edib ki, sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb. Onun sözlərinə görə, həmin yoxlama qrupuna rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rafael Xələfov edib: “Həmin yoxlama zamanı bilinməyən məbləğlər olurdu ki, bunu da ancaq biz özümüz bilirdik. Bunu da heç kimə məruzə etmirdik. Rafael Xələfov bunu müəyyən etdi və həmin məbləğin 60 faizini götürdü”.

Daha sonra şahid qismində ifadə Sadiq Hacıyev ifadə verib. O, hazırda həbsdədir. Digər iş üzrə Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaqla əlaqəli məsuliyyətə cəlb olunub. Dövlət büdcəsindən oğurlanan pulları geri qaytarmadığı üçün barəsində həbs qəti imkan tədbiri seçilib. Hakim bildirib ki, Sadiq Hacıyevin barəsində ayrı icraatda istintaq hərəkətləri aparılsa da, hazırkı cinayət işi üzrə şahid qismində tanınıb. Sadiq Hacıyev 2015-2021-ci illərdə bir neçə hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib.

Şahid Sadiq Hacıyev məhkəmədə bildirib ki, maliyyə hesabatına şişirdilmiş məbləğlər daxil edib, bu yolla əldə olunan vəsaitin  40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. Şahid qeyd edib ki, onun tərəfindən mənimsənilən pulun 1 milyon 500 min manat olduğu yazılıb: “Mən bununla razı deyiləm. Çünki bu qədər pulu mən görməmişəm. Maliyyə sənədləri məhv edilib, bunu da yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Yoxlama aparan şəxslər mənə dedilər ki, sənəd gətir, sən deyəni yazaq. Mən də həmin sənədi təqdim edə bilməmişəm. Çünki həmin sənədlər məhv edilib. Bunun da günahkarı mən deyiləm”.

Şahid deyib ki, Nizami Məmmədovdan heç bir göstəriş almayıb. Onun sözlərinə görə, qanunsuzluqlarla bağlı göstəriş ona maliyyə xidmətinin rəisi tərəfindən verilib. Şahid bildirib ki, mənimsənilən puldan heç bir ödəniş etməyib. Onun sözlərinə görə, ev və maşınını satışa qoyub: “Amma ev və maşınımı sata bilməmişəm. Buna görə də ödəniş etməyim mümkün olmayıb”.

Daha sonra hakim şahidin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində mənimsəmə faktlarını etiraf edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.