14 yaşlı tatar şahmatçı Qata Kamski: “FTB gəlsin, ABŞ-dan sığınacaq istəyirəm”

14 yaşlı tatar şahmatçı Qata Kamski: “FTB gəlsin, ABŞ-dan sığınacaq istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1989-cu ildə Nyu-Yorkda yeniyetmələr arasında keçirilən şahmat turnilərinin birində matç sona çatdıqdan sonra turnirin qalibi, sovet şahmatçısı, 14 yaşlı Qata Kamski bəyanatla çıxış edərək turnirin keçirildiyi zala ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşlarının gəlməsini xahiş edib. O, öz bəyanatında ABŞ dövlətindən sığınacaq istəyib.

Əslində, sonralar özünün də söylədiyi kimi, o, bu bəyanatı atasının, boks üzrə idman ustası Rüstəm Sabirovun təkidi ilə səsləndirib. FTB dərhal bəyanata reaksiya verərək ata və oğulu bir neçə gün mühafizə altında saxlayıb, sonra ABŞ hökuməti sovet vətəndaşlarına öz ölkəsində sığınacaq verib.
1987-ci ildə şahmat üzrə yeniyetmələr arasında SSRİ çempionu olmuş Qata Kamskinin ABŞ-dakı bəyanatı SSRİ-də böyük qalmaqalla qarşılanıb.

Qata Kamski (Hataulla Rüstəm oğlu Sabirov) 1974-cü ildə Novokuznetsk şəhərində tatar ailəsində anadan olub. O, qeyri-adi istedada malik olub, 2 yaşında sərbəst oxumağı bacarıb, 4 yaşında pianoda ifa edib, 7 yaşında isə ciddi şəkildə şahmatla məşğul olmağa başlayıb.

1399655.jpg (70 KB)

Hələ uşaq olarkən ailə əvvəlcə Kazana, daha sonra isə Leninqrada köçüb. Qata Leninqraddakı 232 nömrəli orta məktəbdə birbaşa üçüncü sinifə qəbul edilib və o, məktəbi 7 ilə bitirib. Məktəbdə oxuyarkən Qata Kamski eyni zamanda Leninqraddakı pionerlər sarayında şahmat dərnəyinə gedib.
Şəhər və vilayət turnirlərindəki qələbələrini nəzərə almasaq, Qata Kamski ilk ən böyük uğurunu 1987-ci ildə qazanıb. O, yeniyetmələr arasında şahmat üzrə SSRİ çempionu tituluna sahib olub. Məhz həmin ərəfədə dövrün ən tanınmış şahmatçıları Qata Kamskini gələcəkdə özlərinə qarşı ən ciddi rəqib görüblər.

Amerikada sığınacaq almaq məsələsini şahmatçının atası əvvəlcədən planlaşdırıb. Oğlu yeniyetmələr arasında SSRİ çempionu olduqdan sonra Rüstəm Sabirov Qata Kamskinin Nyu-Yorkda keçiriləcək turnirə düşməsi üçün bütün imkanlarından istifadə edib və buna nail olmağı bacarıb.

scale_1200.jpg (74 KB)

Şahmatçının ABŞ-da qalmasının səbəbləri haqqında fərqli fikirlər səsləndirilib. Onların arasında SSRİ-də qeyri-rus millətlərə fərqli münasibət göstərilməsi fikri də olub. Amma sonralar Qata Kamski bu məsələyə də aydınlıq gətirib:

“Mənim həmin vaxt cəmi 14 yaşım var idi. Mənim əvəzimə hər şeyi atam edirdi, qərarları o verirdi. Mən bu gün atamın o vaxt bu addımı nəyə görə atdığını dəqiq deyə bilmərəm. Amma öz dediyinə görə, mənim SSRİ yığmasına düşməyimin çətin olacağını düşünərək o, bu addımı atıb. Çünki SSRİ-də güclü şahmatçılar çox idi və yığmaya düşməyim üçün məni böyük mübarizələr gözləyirdi. ABŞ-da isə yığma komandaya düşmək mənim üçün daha asan idi. O ki qaldı tatar olmağımıza, bizə qarşı başqa münasibət göstərilməsinə, yaxud da qeyri-rus millətlərdən olanların karyerasına biganə yanaşmağa, mən bu haqda heç nə deyə bilmərəm. Çünki mən artıq 14 yaşımda Amerikada idim…”

aa9439457_8837606.jpg (81 KB)

Qata Kamski Amerikada çox tez məşhurlaşıb. 1990-cı ildə qrossmeyster olan şahmatçı 1991-ci ildə şahmat üzrə ABŞ çempionu adını qazanıb. O, bu adı sonralar daha 4 dəfə özündə saxlayıb.
Qata Kamskinin adı dünya şahmat tarixinə bir çox mötəbər beynəlxalq turnirlərin qalibi kimi düşüb.

1992-ci ildə Almaniyanın Dortmund şəhərində keçirilən beynəlxalq şahmat turnirində o, Harri Kasparovu məğlub edib, sürətli şahmat üzrə dünya çempionu adını qazanıb, 5 qat ABŞ çempionu olub,
1996-cı ildə Qata Kamski dünya çempionu titulu uğrunda bütün seçmə oyunlarında qələbə qazanaraq finala çıxıb. Elistada keçirilən dünya çempionatında o, Anatoli Karpovla üzləşib. Bu turnirdə Qata Kamski Karpova məğlub olub. Atası bu məğlubiyyətlə barışmayaraq, hakimləri ciddi şəkildə ittiham edib, ittiham o dərəcədə “güclü” olub ki, Rüstəm Sabirov hakimlərlə əlbəyaxa döyüşə çıxıb.
Karpova məğlub olduqdan sonra Qata Kamski şahmatdan uzaqlaşıb. Atasının tövsiyəsi ilə hərbi-tibbi akdemiyada oxuyub, daha sonra hüquq təhsili alıb və şəxsi hüquq məsləhətxanasına sahib olub.

kamsky_1206095.jpg (79 KB)

Qata Kamskinin şahmatdan uzaqlaşması onun məşqçilərini ciddi narahat edib. Uzun müddət ona yenidən şahmata qayıtmağı təkid ediblər. Nəhayət, məşqçilərdən biri ona həkimliklə şahmatın fərqini başa salmağa çalışıb:

– Şahmat sənə həkimlikdən daha çox şöhrət və pul gətirəcək.

Şahmatçı bu fikirlə razılaşmayıb:

– İnsanlar xəstələnəndə şahmat turnirinə yox, həkimə gedirlər.

– Düzdür, bu belədir, amma bütün dünya xəstələrdən ibarət deyil. Sağlam insanlar həkimə yox, sənin iştirakınla keçiriləcək turnirlərə daha həvəslə üz tutacaqlar.

5gwlutht_t.png (119 KB)

10 illik fasilədən sonra Qata Kamski yenidən böyük şahmata qayıdıb. Növbəti dəfə ABŞ çempionu olub, dünya şahmat kubokunu qazanıb, dünyanın müxtəlif ölkələrində Amerikanın şahmat şərəfini yüksəklərə qaldırıb.

2015-ci ilə qədər Qata Kamski Nyu-Yorkda yaşayıb, sonra Rusiyaya qayıdıb, bir müddətdən sonra Fransaya köçüb. Amma onun Rusiya ilə əlaqələri kəsilməyib. Hazırda Qata Kamski Kazanda uşaq şahmat məktəbinə hamilik edir.

İlham Cəmiloğlu,