Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Gənclər üzrə Dünya Nazirlər Konfransının tövsiyələrini təsdiq edən 17 dekabr 1999-cu il tarixli qətnaməsinə uyğun olaraq avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən hər il gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənc nəslin iştirakına təkan vermək məqsədilə tədbirlər təşkil olunur.
Tribunainfo.az BMT-nin saytına istinadla xəbər verir ki, 2024-cü ildə Beynəlxalq Gənclər Günü “Kliklərdən tərəqqiyə. Davamlı inkişaf üçün gənclərin rəqəmsal yolları” devizi altında qeyd edilir. Təşkilatın bəyanatında bildirilir ki, gənclər rəqəmsal texnologiyanın ön sıralarında yer alırlar. Bu kontekstdə gənc qadınların innovativ texnologiyaların inkişafında roluna xüsusi diqqət yetirir. “İstənilən halda, xüsusilə gənclərin aşağı gəliri olan ölkələrdə oğlanlara nisbətən internetə və rəqəmsal bacarıqlara daha az çıxışı olan gənc qadınlar arasında bərabərsizliklər mövcuddur”, -deyə BMT vurğulayır.
BMT qeyd edir ki, rəqəmsal inklüzivliyin yaxşılaşması fonunda gənclər dəyişikliyə təkan vermək və yeni həllər yaratmaq üçün innovasiyalardan istifadə edərək təşəbbüslər irəli sürürlər. Dayanıqlı İnkişaf Məqsədləri üzrə yekun 2030-cu il yaxınlaşdıqca, qlobal problemlərin həlli üçün rəqəmsal innovasiyalarda gənclərin rolu daha da artır.
Təşkilat diqqətə çatdırır ki, Beynəlxalq Gənclər Gününün qeyd edilməsi gənclərin istedadlarını və dünyanın gələcəyini formalaşdırmaq potensialını üzə çıxarmağa imkan verir.