11 gün əvvəl yaranan şirkət 3,6 milyonluq tenderi necə udur?backend

11 gün əvvəl yaranan şirkət 3,6 milyonluq tenderi necə udur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 658 min 122 manat 58 qəpik olan tender müsabiqəsinin qalibi “ZN Trade” MMC (VÖEN- 2007592551) olub.

“ZN Trade” MMC Məşğulluq Agentlyinin sifarişilə regional turizmin və müxtəlif sahələrdə məşğulluğun dəstəklənməsi məqsədi ilə malların alınması və quraşdırılması işlərini həyata keçirəcək.

Nizamnamə kapitalı 10 manat olan “ZN Trade” MMC-nin hüquqi ünvanı Xətai rayonu, Oksigen, ev 3/4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Kərimov Nüsəddin Yolçu oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “ZN Trade” MMC tender müsabiqəsinin başlamasından cəmi 3 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “ZN Trade” MMC bugünə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə tabe olan qurumların keçirdiyi 3 tenderdə qalib olub.

İlk dəfə “Protez-Ortopedik İstehsalat və Rabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 3 milyon 758 min 808 manat 58 qəpik dəyərində tenderin qalibi olub. Tender elanı MMC-nin dövlət qeydiyyatına alındığı tarixdən cəmi 11 gün sonra elan olunub.

Göründüyü kimi, 3,6 milyon manatlıq tenderin qalibi tender elanından 11 gün əvvəl yaranan şirkət olub.
Daha əvvəl dəfələrlə qeyd etdiyimiz kimi, bu “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 11 gün əvvəl yaranan şirkətin 3,6 miilyon manatlıq tenderi uda bilmək üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.

Onu da qeyd edək ki, “ZN Trade” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Milyonlarla manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.