Dünyanın 100-dən çox ölkəsində səyahət etmiş təcrübəli turist Eş Yurberq bəzi otel növlərindən uzaq durmağa çalışır. O, xüsusilə “all inclusive” – yəni “hər şey daxil” sistemli kurort otellərini seçmir və bunun səbəblərini Business Insider nəşrinə açıqlayıb.
Yurberqin sözlərinə görə, bu tip otellər turistlərə rahatlıq və təhlükəsizlik təqdim etsə də, səyahətin əsas dəyərini – unudulmaz təcrübələri və yerli mədəniyyəti tanıma fürsətini – əlindən ala bilər.
“Niyə Taylanda gedib elə evdə yediyin “Sezar” salatını yeməlisən?” – deyə sual edir səyahətçi.
Tribunainfo.az xarici mətbuata istinadən təcrübəli turistin “all inclusive”dən imtina etməsinin 4 səbəbini təqdim edir:
1.Eyni ssenari
Əksər kurort otelləri bir-birinə çox bənzəyir: böyük hovuzlar, beynəlxalq restoranlar, tropik kokteyllər və standart əyləncə proqramları. Bu isə qalmanı unikal və yadda qalan etmir. Yurberq əvəzində mağarada yerləşən otelləri, tropik meşədəki evləri və qeyri-adi yerləri seçdiyini bildirir.
2. Yerli mətbəxdən uzaq qalmaq
“Şved masası” menyuları çox vaxt bütün zövqlərə uyğunlaşdırıldığı üçün yerli mətbəxin orijinallığı itir. Bu isə səyahətin ən ləzzətli tərəfini – kulinariya kəşflərini qaçırmaq deməkdir. Onun fikrincə, ən yaxşı dadlar və məsləhətlər həmişə yerli sakinlərdən öyrənilir.
3. Həqiqi təcrübə yaşamaq olmur
Yurberqin sözlərinə görə, ən yaddaqalan anlar planlaşdırılmamış hadisələrdən və təsadüfi tanışlıqlardan yaranır. Böyük kurortlarda isə bu cür əlaqələr qurmaq çətindir. Kiçik otellərdə və ya ev sahiblərində qalmaq isə fərqli fürsətlər yaradır.
4. Hamıya uyğun deyil
“Bəli, ‘all inclusive’ rahatlıq, təhlükəsizlik və stresssiz istirahət istəyənlər üçün əla seçim ola bilər. Amma mən səyahətdə yerli mədəniyyəti tanımağı, insanlarla ünsiyyəti və gözlənilməz macəraları üstün tuturam”, – deyə səyahətçi əlavə edib.
Ekspertlər də bildirirlər ki, bu tip otellərin üstünlükləri ilə yanaşı, diqqət edilməli məqamları da var. Turistlərə daha əvvəl də “all inclusive”də hansı səhvlərdən qaçmaq lazım olduğu barədə tövsiyələr verilib.
İmran Kərimli