“100 il” adlı gənc rəssamların qrup sərgisi -FOTO

“100 il” adlı gənc rəssamların qrup sərgisi -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 21-də Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Muzey Mərkəzinin tərəfdaşlığı, “Davam” Gənclər Hərəkatı və “ArtCoLab” Yaradıcı Gənclər Platformasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “100 il” adlı gənc rəssamların qrup sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə ölkənin tanınmış rəssamları, ictimai xadimlər, kreativ sənayedə çalışan menecerlər və media nümayəndələri iştirak edib.

Tədbiri “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı giriş sözü ilə açaraq Ulu Öndərin xatirəsinin 100 illiyinə həsr olunmuş əsərlərdən ibarət sərgini ərsəyə gətirdikləri üçün çox sevincli olduqlarını söyləyib: “Sərgidə 31 gənc rəssamın müəllifi olduğu 45 əsər ictimaiyyətə təqdim olunub. Ümummili Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə saatlarla danışmaq olar. Dahi Lider bu rəsm əsərlərini ərsəyə gətirən gənclərin xatirələrində əvəzolunmaz şəxsiyyət Heydər baba olaraq qalacaq.”

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, sərgidə nümayiş olunan əsərlərdə Azərbaycan mədəniyyətinin ən böyük himayədarı və qayğıkeşi Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif anları nümayiş olunub: “Heydər Əliyev tanıyan hər kəs bilir ki, Dahi Lider incəsənətə necə böyük önəm verirdi. Lakin tale və tarix onun üçün çox fərqli yol çəkmişdi. Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışarkən ölkəmizdə bir nəfər belə ziyalı təqib olunmadı, Ulu Öndər öz xalqını hər zaman qoruya bildi.”

Daha sonra “Heydər Əliyev” ordenli heykəltaraş Ömər Eldarov və “ArtColab” Yaradıcılıq Mərkəzinin müəllimi və layihə koordinatoru Casiyet Abdullayeva çıxış edərək sərgi haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda gənc rəssamların təltifolunma mərasimi baş tutub. Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgilənən əsərlərin əksəriyyəti kətan üzərində yağlı boya ilə, bir hissəsi isə kağız üzərində rəngli karandaşlarla müxtəlif mövzularda işlənib. Muzey Mərkəzində yerləşən Sərgi qalereyası iyunun 22-də açıq qapı elan edir.