backend

100-dən çox xəbər agentliyinin rəhbəri Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. 

Azərbaycan noyabrın 16-18-də nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək.


Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-dən çox xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT və UNESCO-nun vəzifəli şəxsləri, həmçinin regional media qurumlarının nümayəndələri dəvət olunublar.

Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi noyabrın 16-da Heydər Əliyev Mərkəzində olacaq.

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının – Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində bir sıra müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

OANA-nın noyabrın 18-də “Absheron Marriot” otelində keçiriləcək XVI Baş Assambleyasının iclasına 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi qatılacaq. Növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq.

İnformşuranın XXII iclasının gündəliyinə isə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. 

Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 

2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, 

AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədi ilə yaradılıb. 

Təşkilata 35 ölkədən 43 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.