Ənənəvi təhsil formasında şagirdlər 9, 10, 11-ci siniflərdə oxuyanda, universitetə hazırlaşmaq üçün hazırlıqlara üz tuturdular. İndi isə vəziyyət çox acınacaqlı hal alıb. 1-ci siniflərin əksəriyyəti məktəbdə tədrisdən əlavə hazırlıqlara qoyulur. Bunun başlıca səbəbi nədir, nədən qaynaqlanır?
Məsələn 20 il əvvəl 5-ci sinifdə keçirilən dərs mövzuları indi 1-ci sinifdə tədris olunur.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən alim, təhsil eksperti İlqar Orucov bildirdi ki, təbii ki, ümumilikdə məktəb proqramları, məzmun yenilənməlidir.
Alimin sözlərinə görə, “dediyinizdə həqiqət payı var. Sadəcə olaraq o vaxtkı 5-ci sinifdə keçirilən mövzular 5-ci sinif səviyyəsində 1-ci sinifə tədris olunmur. Həmin anlayışlar barədə ilkin məlumatlar verilir.
Ümumilikdə proqram kifayət qədər dəyişilib, çətinləşib. Həmçinin bunun da səbəbləri var. Məzmuna tələb başqa cürdür. Dünyada da məzmunə tələb dəyişilib. Elm və biliklər istehsalında dünya kifayət qədər inkişaf edib və biz məcburuq ki, bu biliklər məktəb səviyyəsində olsun.
Dərsliklərin məzmununda dəyişikliklər var, bu zaman-zaman olub və olacaq. Mən ümumilikdə məktəb proqramının məzmununun çətinləşməsinin tərəfdarı deyiləm. Uşaqların kifayət qədər yüklənməsinin də tərəfdarı deyiləm. Dərslik məsələsindən həqiqətən də Azərbaycanın hələ də problemləri və çatışmazlıqları var. Bu reallıqdır, gerçəkdir, problemlər var. Bunu gizlətmək olmaz.
Eyni zamanda Azərbaycanda yaxşı dərslik yazan müəlliflər kifayət qədər azdır. Dərsliklərlə bağlı bu problemi həll etmək bütövlükdə hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin beyin mərkəzi kimi fəaliyyət göstərməli olan Təhsil İnstitutunun da üzərinə düşür. Mən düşünürəm ki, Təhsil İnstitutu dərslik yazan insanlarla işləməlidir. Biz deyə bilərik ki, bu bizdə yoxdur. Bu formalaşmalıdır. Dərslikləri yazanları gedib Amerikadan, Yaponiyadan gətirməli deyilik. Bu dərslikləri yazan müəllifləri biz mütləq şəkildə formalaşdırmalıyıq. Elm və Təhsil Nazirliyi bu istiqamətdə artıq yaxşıya doğru işlər görür. Prosesin əsas iştirakçısı olaraq nazirlik də maraqlıdır. Dərsliklərin yenilənməsi çox vacibdir. Modelləşmə, yeniləşmə ümumilikdə ayrı-ayrı fənnlər üzrə dərsliklərdə əks olunmalıdır.
O ki, qaldı 1-ci siniflərin hazırlığa cəlb olunması, əlbəttə mən də zamanında övladımı məktəbə gedəndə 1-ci sinifdə biz də onu hazırlığa qoymuşduq. Bir çox hallarda valideyn səhər işə gedir, işdən çox gec və yorğun gəlir. Övladının dərsi ilə maraqlana bilmir. Zamanında valideynlərimiz dərslərimizdə bizə kömək ediblər. Amma indi valideynlər kifayət qədər məşğul olurlar. Onlar bu baxımdan övladları üçün müəllim tuturlar ki, həm dərs tapşırıqlarının həll olunmasında, həm də dərslərin təkrarlanmasında onlara kömək etsinlər. Mən əlbəttə buna pis baxmıram. Bu o demək deyil ki, məktəbdə dərs pis keçilir. Valideynlər bunu övladlarına kömək məqsədilə edirlər. Buna məcbur deyillər. Məktəblərdə şagirdlərə zatən proqram məzmunu çatdırılır. Ənənəvi formada dərs prosesi davam edir. Əvvəlki illərdən fərqli olaraq siniflərdə şagird sayı çoxdur. Siniflərdə şagirdlərin çox olması həqiqətən müəllimlər üçün də problem yaradır”.